CƏMİYYƏT


DSX: Dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən silahlı müqavimət göstərən şəxslərdən biri saxlanılıb

Bakı, 30 noyabr, AZƏRTAC 

Noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin silahlı şəxslər tərəfindən pozulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin istiqamətdəki sərhəd zastavalarının xidməti gücləndirilib, zəruri qabaqlayıcı tədbirlər görülüb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, saat 19:10 radələrində Cəlilabad rayonunun Edişə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə daxil olmuş məlumat əsasında sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qaldırılaraq hadisə yerinə cəlb olunub. Nəzarət-iz zolağında İrandan Azərbaycan istiqamətində ayaq izləri aşkarlanıb.

Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədilə əlavə qüvvələr cəlb olunmaqla və xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərhəd axtarışı tədbirləri həyata keçirilib. Sərhədyanı yaşayış məntəqələri istiqamətində yollar sərhəd naryadları tərəfindən qapadılıb, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd naryadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilib. Həmin istiqamətdə iki nəfər naməlum şəxsin qaçması aşkarlanıb. Sərhəd naryadının “Dayan!” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avtomat silahdan atəş açılıb, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulub. Digər sərhəd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub. Hadisə yerində 7,62 millimetrlik “AKM-74” markalı bir silah, bir gecəgörmə cihazı, bir mobil telefon aşkarlanıb. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən çox güllə atılıb. Güllələrdən biri xidməti avtomobilə dəyib, sərhədçilər arasında yaralanan və xəsarət alan olmayıb.

Yaralanmış sərhəd pozucusu Cəlilabad Rayonunun Mərkəzi Xəstəxanasına təxliyə edilib və ona təcili tibbi yardım göstərilib. Araşdırma zamanı saxlanılmış şəxsin 1976-cı il təvəllüdlü Nəsiri Şəhzad Şekar olması müəyyən edilib. Məlum olub ki, Ş.Nəsiri 2007-ci il sentyabrın 20-də DSX-nin hərbi qulluqçuları tərəfindən sərhəd pozucusu qismində tutularaq narkotik qaçaqmalçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycan Respublikasında azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, 2014-cü il aprelin 6-da Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasının müvafiq dövlət orqanlarına təhvil verilib.

Ş.Nəsirinin 2018-ci il iyunun 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində silahlı cinayətkar dəstə tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə çavuş Kurupov Ramazan Məmməd oğlunu yaralayan şəxs olması da müəyyənləşib.

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hadisə yerində olub, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirib. Silahlı sərhəd pozucularının aşkarlanaraq zərərsizləşdirilməsində fərqlənmiş hərbi qulluqçuları təltif edib.

DSX tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.