CƏMİYYƏT
DSX: İrandan Azərbaycana iki kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın içərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş ümumi çəkisi 2 kiloqram 137 qram tiryək aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.