CƏMİYYƏT
DSX: Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsinin etibarlı təminatı sahəsində tədbirləri davam etdirir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 30-da DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Həmin tarixdə saat 03:10 radələrində alınmış əməliyyat məlumatı əsasında DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, Yardımlı-Arus kəndi istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilib. Nəticədə “VAZ-2107” markalı 90-BB-979 və “Mercedes” markalı 90-BK-471 dövlət qeydiyyat nömrə nişanlı avtomobillər baxış keçirilməsi üçün saxlanılıb.
“Mercedes” markalı avtomobil tabesizlik göstərib və Masallı rayon istiqamətində hərəkət edərək 1 kiloqram narkotik maddəni əraziyə atıb. Qarşılıqlı əlaqədə olan Masallı Rayonu Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılıb, avtomobildə olan şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq meşəlik əraziyə qaçmağa nail olub.
Əraziyə və avtomobillərə baxış zamanı 8600 qram heroin və tiryəkə bənzər narkotik maddə aşkarlanıb. Saxlanılmış vətəndaşların şəxsiyyətləri dəqiqləşdirilib, onların Yardımlı rayon sakinləri 1974-cü il təvəllüdlü Şirbəyev Habil Yaşılxan oğlu, 1983-cü il təvəllüdlü Qurbanov Zaur Camalxan oğlu və Salyan rayon sakini 1993-cü il təvəllüdlü Ağayev Malik İlyas oğlu olmaları müəyyən edilib.
Hadisə yerindən qaçmış dördüncü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.
Hadisə ilə əlaqədar DSX-nin istintaq və təhqiqat idarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.