CƏMİYYƏT


DSX: Neft Daşlarındakı estakadaya naməlum bağlamaları boşaldan şəxsin qayığı saxlanılıb VİDEO

DSX: Neft Daşlarındakı estakadaya naməlum bağlamaları boşaldan şəxsin qayığı saxlanılıb VİDEO

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühafizəsinin təmin edilməsi, Хəzər dənizində rejim qаydаlаrınа nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Fevralın 17-də saat 23:40-da xidmətin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Pirallahı istiqamətində Neft Daşlarına doğru sürətlə hərəkət edən bir naməlum hədəf müşahidə edilib və dərhal sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib.

Sərhəd gözətçi gəmisi tərəfindən ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində Neft Daşlarının şimal-qərbində estakadaların arasında bir nəfərin qayığın bortunda olan bağlamaları estakadanın üzərində olan naməlum şəxsə ip vasitəsilə ötürülməsi və estakadanın arasından çıxaraq sürətlə hərəkətini Çilov adası istiqamətində davam etdirməsi müşahidə olunub.

Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarını pozaraq gecə vaxtı strateji əhəmiyyətli infrastrukturun təhlükəsizlik zonasına daxil olmuş qayığı idarə edən naməlum şəxs sərhədçilərin qanuni dayan tələblərinə məhəl qoymayaraq idarə etdiyi qayığı təqibdən yayınmaq məqsədilə sərhəd gözətçi gəmisinin ön sol bortuna vurub. Sonra sahilə doğru hərəkətini davam edərkən idarəetməni itirərək adanın cənub-şərqində olan estakadaya çırpılıb və qayığı idarə edən şəxs baş nahiyəsindən xəsarət alıb.

Sərhəd gözətçi gəmisinin heyəti tərəfindən PR-2077 bort nömrəli, taxta tipli, yamaha-55 və yamaha-75 mühərrikli qayığın heyət üzvü 1991-ci il noyabrın 2-də doğulmuş Pirallahı qəsəbə sakini Panfilov Roman Viktoroviç saxlanılaraq gəminin bortuna gətirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra sahilə çıxarılaraq Çilov adasında yerləşən xəstəxanaya yerləşdirilib.

Fakt üzrə araşdırma tədbiri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.