CƏMİYYƏT


DSX: Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirmək istəyən sərhəd pozucularından biri zərərsizləşdirilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhədlərin etibarlı mühafizəsi sahəsində tədbirləri uğurla davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 17-də külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Sərhəd pozucularının əllərində silah və yüklərin olması müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd göstəriblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olmasından istifadə edərək geri qaçıb.

Dövlət sərhədinin pozulması cəhdinin qarşısının alındığı əraziyə baxış zamanı bir tüfəng, iki çantada təxmini çəkisi 15 kiloqram olan narkotikə bənzər maddə aşkarlanıb.

Sərhəd pozucuları ilə görüşərək onlardan yükü təhvil almağa gəlmiş və sərhəd zastavasının mühəndis-texniki çəpərindəki məftilləri qıraraq sərhədboyu zolağa daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Məmmədov Adiş Cavad oğlu saxlanılıb, üzərində sərhəd pozucularına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol içkiləri aşkar olunub.

Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.