CƏMİYYƏT


DSX Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsində hərbi hissənin yaradılmasının 30 illik yubileyi qeyd olunub VİDEO

Bakı, 17 iyun, AZƏRTAC

Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsində hərbi hissənin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları və dəvət olunmuş qonaqlar əvvəlcə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib və önünə gül dəstələri qoyublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Tədbirdə Azərbaycan Respublikasının şimal sərhədlərini ilk dəfə mühafizə altına götürmüş hərbi hissənin bu illər ərzində keçdiyi şərəfli inkişaf yolu haqqında ətraflı məlumat verilib. Xudat sərhəd dəstəsinin dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində böyük nailiyyətlər əldə edərək hazırda Dövlət Sərhəd Xidmətinin ən nümunəvi hərbi hissələrindən biri olması xüsusi vurğulanıb.

Çıxış edənlər dahi öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin bütün sahələrində vüsət alan tərəqqi və dirçəliş sayəsində ilk dövrlərdə heç bir sərhəd mühafizə infrastrukturu olmayan şimal sərhədlərimizdə böyük tikinti-quruculuq işlərinə başlanıldığı, sərhəd dəstəsinin qarnizonunun, 19 sərhəd zastavasının, 3 sərhəd komendantlığının, 2 sərhəd nəzarəti məntəqəsinin inşa edilməsi, 11 ikimərtəbəli 66 mənzilli yaşayış kompleksinin sərhədçilərin istifadəsinə verilməsinin dövlətimizin sərhəd təhlükəsizliyi məsələlərinə ali diqqətinin ifadəsi olması diqqətə çatdırılıb.

Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı məsələlərinə hər zaman ciddi önəm verən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Xudat sərhəd dəstəsinə dörd dəfə səfər etməsi sərhədçilərə olan inam və etimadın təzahürü olmaqla yanaşı, Ali Baş Komandanla görüşmək şərəfinin şəxsi heyətdə böyük ruh yüksəkliyi, sərhədçi adını hər zaman qürurla daşımaq əzmi yaratdığı bildirilib.

Tədbirdə xidməti-döyüş fəaliyyətində və hərbi əməkdaşlıqda fərqlənmiş hərbi qulluqçular və veteran sərhədçilər, həmçinin hərbi hissənin əsasının qoyulduğu gün – 1992-ci il iyunun 16-da ilk dəfə Samur körpüsü üzərində sərhəd nəzarəti xidmətinə çıxmış şəxslər təltifləndirilib, hərbi hissənin formalaşdığı ilk dövrlərdə sərhədçilərə yaxından kömək göstərən yerli sakinlərə, sərhədyanı rayonların dövlət orqanlarının əməkdaşlarına qiymətli hədiyyələr verilib və fəxri fərmanlar təqdim olunub.

Yubiley tədbirinin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.

Sonra tədbir iştirakçıları hərbi hissədə əsaslı təmir olunmuş binalara baxış keçiriblər.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin hərbi orkestri və Mədəniyyət mərkəzinin kollektivi konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.