ELM VƏ TƏHSİL


DSX Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün 1243 şagird ərizəsini təsdiqlədib

Bakı, 13 fevral, AZƏRTAC 

Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında iştirak üçün şagirdlərin ərizə qəbulu davam edir.

AZƏRTAC xəbər verir ki, fevralın 13-ü saat 14:25-ə olan məlumata görə, imtahanda iştirak etmək üçün 1243 nəfər ərizəsini təsdiqlədib. İmtahana yalnız “Şagirdin elektron ərizəsi”ni təsdiq etmiş şagirdlər buraxılacaqlar.

Xüsusi Məktəbə qəbul imtahanında 2020-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şagirdlər fevralın 15-dək Dövlət İmtahan Mərkəzinin saytında “Şəxsi kabinet” yaratmalı və müvafiq elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

Xatırladaq ki, qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcək. Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılacaq. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcək. İmtahanın müddəti 90 dəqiqədir. İmtahana gələrkən şagirdlər şəxsiyyət vəsiqələrini və imtahana buraxılış vərəqələrini gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiqlənməlidir) təqdim etməlidirlər. Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanın keçirilmə tarixi və yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra Dövlət İmtahan Mərkəzinin saytında elan olunacaq. İmtahanların nəticəsi DSX-yə təqdim ediləcək. Yüksək nəticə göstərmiş şagirdlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb ediləcəklər. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan şagirdlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.