CƏMİYYƏT
DSX əməkdaşları Astarada narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan şəxsləri saxlayıblar
Bakı, 2 iyul, AZƏRTAC
Mütəşəkkil cinayətkar qrupların külli miqdarda narkotik vasitələri dövlət sərhədini pozmaqla qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirməsinə qarşı Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən tədbirlər davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyunun 30-da keçirilmiş əməliyyat tədbiri nəticəsində xidmət əməkdaşları Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlunu saxlayıblar. Astara rayonu ərazisində saxlanılan həmin şəxsdən 2 kiloqram heroin və 568 qram metofitamin müəyyənləşdirilərək götürülüb.
Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan Astara şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb və narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti müəyyən olunub.
Sumqayıt şəhərində narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş Corat qəsəbə sakini 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı iyulun 1-də əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları ilə birgə saxlanılıb.
Saxlanılmış şəxslər barəsində Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.