CƏMİYYƏT
DSX əməkdaşları ölkə ərazisinə beş kiloqramadək narkotik vasitələrin gətirilməsinin qarşısını alıblar
Bakı, 11 dekabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısını alıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 8-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Sütəmurdov kəndinin ərazisində DSX əməkdaşları özlərini şübhəli aparan “Mercedes-Benz Viano” markalı 99-SC-230 dövlət nömrə nişanlı avtomobildə olan iki nəfəri saxlayıblar. Həmin şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 4 kiloqram 750 qram (3 kiloqram tiryək, 1 kiloqram heroin, 750 qram metamfetamin və 2680 ədəd “Metadon - 40” markalı həb) narkotik vasitə aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1979-cu il təvəllüdlü Məmmədov Səyavuş Ramiz oğlu və 1977-ci il təvəllüdlü Abdullayev Fariz Şaban oğlu olmaları, S.Məmmədovun əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.
Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.