CƏMİYYƏT
DSX-nin Akademiyasının magistratura pilləsini bitirmiş məzunların birinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının magistratura pilləsini bitirmiş məzunların birinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib və abidəsi önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən və Döyüş Bayrağının gətirilməsindən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.
Sonra magistratura pilləsini bitirmiş zabitlərə diplom və döş nişanları təqdim edilib, məzunlardan dörd nəfəri daha yüksək nəticə göstərdiyinə görə “Fərqlənmə diplom”una layiq görülüblər.
Məzunlar adından çıxış edən polkovnik-leytenant Fikrət Allahverdiyev Azərbaycan Sərhəd Mühafizəsinin magistr təhsili alan ilk zabitləri olmaları ilə fəxr etdiklərini, qalib ölkənin qürurlu sərhədçiləri olaraq üçrəngli dövlət bayrağımızın vüqarla dalğalandığı müqəddəs sərhədlərimizin keşiyində hər zaman şərəflə dayanacaqlarını ifadə edib və sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnməkdə əməyini əsirgəməyən professor və müəllim heyətinə dərin minnətdarlıqlarını bildirib.
DSX-nin rəisinin müavini general-leytenant İlham Mehdiyev məzunları Dövlət Sərhəd Xidməti Akademiyasında ilk dəfə 2020-ci ildə yaradılmış magistratura təhsillərini müvəffəqiyyətlə başa vurmaları münasibəti ilə təbrik edib, təhsil müddətində qazandıqları bilik və bacarıqlarını ölkəmizin hüdudlarında dövləti maraqlarımızın müdafiəsi üzrə fəaliyyətlərinə xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin göstərdikləri igidlik nümunələri vurğulanıb, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş sərhədçilər sırasında dörd hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması qeyd edilib.
Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçilərin xidmətlərini Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xüsusi qiymətləndirməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı xüsusi olaraq vurğulanıb.