CƏMİYYƏT


DSX-nin general-mayoru: Araz çayı boyu hərəkət zamanı İrandakı soydaşlarımızın bizi böyük sevinclə qarşılaması qürurverici idi

DSX-nin general-mayoru: Araz çayı boyu hərəkət zamanı İrandakı soydaşlarımızın bizi böyük sevinclə qarşılaması qürurverici idi

Bakı, 20 oktyabr, AZƏRTAC

Vətən müharibəsində aldığımız əsas tapşırıq dövlət sərhədinin 132 kilometr hissəsinin bərpa olunması, həmçinin strateji yüksəkliklərin düşməndən azad edilməsi idi. Bununla yanaşı, bölmələrimiz Zəngilan şəhərini işğaldan azad etdikdən sonra Araz çayı boyu hərəkətə başladı. Hərəkət zamanı İranda yaşayan soydaşlarımız tərəfindən çox böyük sevinclə qarşılandıq. Bu, bütün bölmələrimiz üçün qürurverici idi.

Bunu AZƏRTAC-a müsahibəsində Zəngilan istiqamətində döyüşlərdə iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin general-mayoru Misir Əliyev bildirib.

General-mayor daha sonra deyib: “Bizim Araz çayı boyu hərəkətimizi düşmənin izləyə bildiyini nəzərə alaraq, Baharlı sərhəd zastavası istiqamətindən relyef baxımından çətin olan dağlıq ərazi ilə hərəkət etdik.

Baharlı sərhəd zastavasından dağboyu 6-7 kilometr hərəkət etdikdən sonra Bartaz istiqamətində düşmən tərəfindən qrad və minaatan atəşinə məruz qaldıq. Həmin istiqamətdə mövqelərimizi möhkəmləndirdikdən və düşmən həmləsinin qarşısını aldıqdan sonra tapşırığımızı tam icra etmək üçün Ağbənd sərhəd zastavasına doğru hərəkət etdik. Yolboyu hərəkət edəndə ön kəşfiyyat dəstələrimiz tərəfindən bu sərhəd zastavasında düşmənin çoxsaylı qüvvəsinin cəmləşdiyini və qarşımızdakı yüksəkliyə doğru hərəkət etdikləri barədə məlumat verildi. Odur ki, bölmələrimizi dərhal ön tərəfdə olan yüksəklikdə cəmləşdirdik”.

Vətən müharibəsi iştirakçısı əlavə edib ki, yüksəklikdə düşmənin Azərbaycan bölmələrinin hərəkətinin izlənilməsi ilə bağlı iki kamera mövcud olub: “Tapşırığa əsasən bir kamera zərərsizləşdirildi. Digər böyük kamera isə 1071 zirvəsində ərazidəki dumanlı dağda yerləşirdi. Onun zərərsizləşdirilməsinə vaxtımız qalmamışdı. Çünki biz artıq düşmənlə birbaşa təmasa girib onu tamamilə məhv edərək dövlət sərhədinin 132 kilometr hissəsini bərpa etməli idik. Beləliklə, altı saat yarım davam edən döyüşdən sonra Ağbənd sərhəd zastavasındakı düşməni tamamilə məhv edərək qəsəbəni azad etdik. Bu barədə Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə etmək şərəfi isə mənə nəsib oldu. Bununla da Azərbaycan-İran dövlət sərhədinin 132 kilometr hissəsi Dövlət Sərhəd Xidməti tərəfindən bütünlükdə nəzarətə götürüldü”.

Qeyd edək ki, general-mayor Misir Əliyev Vətən müharibəsindəki xidmətinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medallar ilə də təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.