CƏMİYYƏT
DSX-nin hərbi hissələrində Hərbi Prokurorluğun nümayəndələrinin şəxsi heyətlə görüşləri keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) ilə Respublika Hərbi Prokurorluğunun Novruz bayramı münasibətilə birgə tədbirlər planına uyğun olaraq, Bakı, Göytəpə, Horadiz və Zaqatala şəhərlərinin ərazilərində yerləşən DSX-nin hərbi hissələrində Hərbi Prokurorluğun nümayəndələrinin və ərazi hərbi prokurorlarının şəxsi heyətlə görüşləri keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə qonaqlar Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsindən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkəmizin sərhəd təhlükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsindən, Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlərdən danışıblar.
Tədbirlərdə Hərbi Prokurorluğun əməkdaşları cinayət hadisələrinin qarşısının alınması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi mövzularında şəxsi heyəti məlumatlandırıb, hərbi qulluqçulara müvafiq tövsiyələr veriblər.
Qonaqlar hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olub, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər.