CƏMİYYƏT
DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi olub
Bakı, 4 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər gənc əsgərlərin DSX-nin heyəti sırasına daxil olmalarının sərhəd mühafizəsinin 103-cü ildönümünə təsadüf etdiyini, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini vurğulayıblar.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanıb.
Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.