CƏMİYYƏT
DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi olub VİDEO
Bakı, 13 may, AZƏRTAC
Mayın 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərasimlərdə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunduğunu, dövlət başçısının tapşırığı əsasında bu ilin aprelin 23-də Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan üçrəngli dövlət bayrağımızın qaldırılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsini xüsusi vurğulayıblar.
Vətənə, dövlətə, xalqa və dövlətçiliyə sədaqət andı içərək müqəddəs dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini üzərinə götürən gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.
Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.