CƏMİYYƏT


DSX rəisi sosial şəbəkələrdə yayılan videoda yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb

Bakı, 11 avqust, AZƏRTAC 

Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə azyaşlı qızın yüksək sürətlə at çapma bacarığı nümayiş etdirməsinə dair videogörüntülər paylaşılmaqdadır.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) həmin videodakı qız ilə maraqlanıb. Videoda görüntülənən 9 yaşlı Gülay və atası Fərzəliyev Vüsal Qəzənfər oğlu Federasiya prezidenti ilə görüşə dəvət olunublar.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Ağdam rayonunun Ətyeməzli kəndindən olan məcburi köçkün, hazırda Sumqayıt şəhərində məskunlaşmış Gülay və atası ilə görüşüb.

Görüşdə Gülay at sürməyə 4 yaşından başladığını, atçılıq idmanına böyük maraq göstərdiyini deyib. O, gələcəkdə atçılıq idmanı ilə peşəkar səviyyədə məşğul olmağın ən böyük arzusu olduğunu bildirib.

Söhbət zamanı Gülayın atçılıq idmanına olan marağının ARAF tərəfindən tam dəstəklənəcəyi vurğulanaraq, at sürən zamanı təhlükəsizlik qaydalarına riayət etməsinin vacibliyi ona izah olunub.

General-polkovnik Elçin Quliyev Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri süvari ləvazimatları ilə təchiz edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.