ELM VƏ TƏHSİL
DTT rəsmisi: Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparıldı
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlük prosesi və ticarət siyasətinə dəstək” mövzusuna həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən UNEC-in beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev Azərbaycanın DTT-yə üzvlük prosesinə və ticarət siyasətinə dəstək olmaq məqsədilə universitetdə dövlət qurumlarının nümayəndələri və DTT-nin texniki yardım və koordinasiya şöbəsinin rəhbəri Martin Smitzin iştirakı ilə seminar və dəyirmi masalar təşkil olunduğunu, müzakirələr aparıldığını deyib.
Martin Smitz UNEC-də 3 gün ərzində çox səmərəli işgüzar görüşlərin keçirildiyini diqqətə çatdırıb. Aparılan müzakirələri, eləcə də universitetin professor-müəllim heyəti ilə görüşü Azərbaycanın DTT-yə üzvlüyünün sürətləndirilməsi istiqamətində müsbət addım kimi dəyərləndirib. Azərbaycanın təşkilata 1997-ci ildən üzvlüklə bağlı müraciət etdiyini vurğulayan məruzəçi üzvlük prosesinə dair həm ikitərəfli, həm də çoxtərəfli danışıqların uğurla davam etdiyini, həmçinin milli qanunvericiliyin DTT-nin müvafiq sazişlərinin tələblərinə uyğunlaşdırılması istiqamətində işlər aparıldığını qeyd edib. Təşkilat rəsmisi DTT-nin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.
Tədbirdə professor və müəllimlərin DTT-yə üzvlüyün əhəmiyyəti barədə suallarını cavablandıran qonaq bu əməkdaşlığın dünya ölkələri ilə daha sıx ticarət əlaqələrinin qurulmasına, yeni bazarlara çıxış imkanı əldə olunmasına, daxili bazarın liberallaşdırılmasına, məhsulun rəqabətqabiliyyətliliyinin artırılmasına, eləcə də qlobal dəyərlər zəncirinə qoşulmağa, xarici investisiyaların cəlb olunmasına və digər müsbət iqtisadi amillərə xidmət etdiyini bildirib.
Seminar “DTT sazişləri və mallara bazar çıxışı”, “Ölkələr niyə ticarət edir?”, “DTT ümumi nəzəriyyəsi, əsas ticarət siyasəti alətləri və əsas prinsipləri” mövzuları ilə davam edib.
Qeyd edək ki, 3 gün davam edən seminarlarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Dövlət Gömrük Komitəsinin Akademiyası və digər dövlət qurumlarının nümayəndələri, həmçinin UNEC-in müəllim və tələbə heyəti iştirak edib.