CƏMİYYƏT


DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin qarşısı alınıb VİDEO

Bakı, 29 iyul, AZƏRTAC

Müharibə iştirakçılarının, şəhid ailələrinin, eləcə də Vətən müharibəsi zamanı zərər çəkmiş vətəndaşlarımızın həyat şəraitinin və maddi rifah halının yüksəldilməsi ölkədə həyata keçirilən sosialyönümlü siyasətin prioritet istiqamətlərindəndir. Dövlət orqanlarının bu sahədə fəaliyyətinə kölgə salan, şəhid ailələrinin və müharibə iştirakçılarının hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə ziyan vuran qanunsuz əməllərin vaxtında aşkarlanaraq qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsi iştirakçılarına qarşı vəzifəli şəxs adından dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil olmuş məlumatlar əsasında iyulun 25-də DTX-də cinayət işi başlanıb.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Əliyev Elvin Firudin oğlu internet informasiya resurslarında Vətən müharibəsində iştirak etmiş şəxslər barədə məlumatlar toplayıb, sonuncuların yaşadıqları ərazilər üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri ilə telefon əlaqəsi quraraq özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri kimi təqdim edib, birdəfəlik maddi yardım verilməsi adı altında onların vasitəsilə Vətən müharibəsi iştirakçıları olan Bəkərov Rüstəm İlham oğlu, Sofiyev Vasif Yusif oğlu, Əliyev Vüsal Fərhad oğlu, Quluzadə İsrail Hikmət oğlu, Əzimzadə Emin Alxas oğlu, Məmmədov Məhəmməd Ramiz oğlu və qeyriləri ilə mobil telefon əlaqəsi yaradıb, onlara dövlət tərəfindən birdəfəlik maddi yardım ayrılmasının nəzərdə tutulduğunu bildirməklə, həmin yardımın verilməsi üçün bank hesablarının açılması və digər cari xərclər adı altında hər birindən ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pul vəsaitlərinin özünə məxsus bank hesabına köçürülməsini təmin edərək dələduzluq yolu ilə ələ keçirib.

Bu əməllərinə görə Elvin Əliyev iyulun 27-də təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Elvin Əliyevin törətdiyi cinayət əməllərindən zərərçəkmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.