CƏMİYYƏT
DTX: Xarici ölkənin xüsusi xidmət orqanlarına casusluq edən ər-arvad həbs edilib
Bakı, 30 iyul, AZƏRTAC
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Abbasquliyev Həbib Əbil oğlunun və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.
AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyevin və Lamiyə Abbasquliyevanın Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilmiş gizli görüşlərdə verilmiş tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim etdikləri müəyyən edilib.
Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.