SİYASƏT


DÜNYANIN APARICI DÖVLƏTLƏRİ AZƏRBAYCAN PREZİDENTİNİN LİDERLİYİNİ BÖLGƏDƏ SÜLHƏ VƏ SABİTLİYƏ TÖHFƏ KİMİ QİYMƏTLƏNDİRİRLƏR

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov iyunun 2-də “Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2004” XI beynəlxalq sərgi və konfransının açılışı münasibətilə ABŞ, Yunanıstan prezidentlərinin, Fransa və Böyük Britaniyanın baş nazirlərinin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdikləri dərin məzmunlu məktublardakı əsas məqamlarla əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələrinə şərh vermişdir.

Prezidentin mətbuat katibi xüsusi olaraq vurğulamışdır ki, bu məktublar təkcə dünyanın aparıcı dövlətlərinin bu sərgiyə olan marağı ilə deyil, ümumiyyətlə, ölkəmizin beynəlxalq aləmdə qazandığı böyük nüfuzla əlaqədardır.

Mətbuat katibi məktublardakı əsas məqamları belə səciyyələndirdi:

- ümummilli liderimiz cənab Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dünyanın aparıcı dövlətlərinin bu siyasətə inamının bir daha təsdiq edilməsi;

- Azərbaycanın fəal iştirak etdiyi Şərq-Qərb enerji dəhlizinin yaradılmasında tarixi tərəqqinin əldə olunması və Azərbaycanın Neft Fondu vasitəsilə şəffaflığın həyata keçirilməsinin ümumilikdə enerji inkişafında əsas amillərdən biri kimi göstərilməsi;

- Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin uğurla həyata keçirilməsi faktının bir daha təsdiq olunması;

- Azərbaycanın təkcə hasilatçı kimi deyil, habelə karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında mərkəz kimi coğrafi-strateji əhəmiyyətə malik olmasının qeyd edilməsi;

- Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinə dünya dövlətlərinin real maraq göstərməsi və Avropa bazarlarının Azərbaycanın təbii qazı üçün açıq olması;

- Azərbaycanın enerji gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi və ümumilikdə Azərbaycan hökumətinin bu prinsipə sadiqliyinin digər ölkələrə mühüm bir siqnal olduğunun xüsusi qeyd edilməsi;

- Azərbaycan Prezidentinin liderliyinin və səylərinin bölgədə sülhə və sabitliyə töhfə olmasının, onun müasir, demokratik cəmiyyət quruculuğuna sadiqliyinin xüsusi vurğulanması.

Bütün bu amillər bir daha sübut edir ki, dünyanın aparıcı dövlətləri Azərbaycanın timsalında bölgədə və daha geniş məkanda sülhün və sabitliyin təmin olunmasında çox mühüm rol oynayan bir ölkə görürlər. Onlar həm də Azərbaycanı iqtisadi tərəqqiyə və inkişaf sürətinə nail olmuş, ictimai-siyasi sabitliyi möhkəmləndirmiş bir dövlət kimi qiymətləndirirlər. Bunlar habelə onu göstərir ki, beynəlxalq sərmayəçilər gələcəkdə də iqtisadiyyatımıza sərmayə qoyuluşu sahəsində uğurlu əməkdaşlığı davam etdirmək niyyətindədirlər və ölkəmizi çox etibarlı bir tərəfdaş kimi dəyərləndirirlər. Ən önəmlisi isə odur ki, məktublarda da vurğulandığı kimi, dünyanın aparıcı dövlətləri Azərbaycanın rəhbərliyi ilə sıx əməkdaşlıq səylərini, gələcəkdə də əlaqələrin gücləndirilməsi niyyətlərini bir daha bəyan etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.