MƏDƏNİYYƏT
DÜNYANIN MÖCÜZƏSİ - GÖZƏLLİK MÜCƏSSƏMƏSİ
Tarixdən məlumdur ki, Böyük Moğol hökmdarı Şah Cahan erkən itirdiyi sevimli zövcəsi Mümtaz Mahalın xatirəsini əbədiləşdirmək üçün onun qənirsiz gözəlliyinə layiq olan bənzərsiz bir məqbərə tikdirməyi qərara alır. Lakin Hindistanda bu niyyəti həyata keçirməyə qadir olan memarın tapılmaması qüdrətli hökmdarı məyus edir. Həmişəki kimi, yenə də köməyə əcəm ölkəsi gəlir. Əslən Cənubi Azərbaycandan olan memar İzə Xanın təqdim etdiyi layihə tələbkar, bəhanəgir Şah Cahanın daha çox xoşuna gəlir və o, bu cəsarətli layihənin, indiki təbirlə desək, baş memarı təyin olunur. Lakin bu möhtəşəm işin öhdəsindən gəlmək o qədər də asan olmur və Avropadan da ustalar dəvət edilir. Fransadan Ostin de Bordo, İtaliyadan venesiyalı Veroneo da onların arasında idi. Baş memarın köməkçiləri sırasında Suriyadan, İraqdan, Buxaradan və Səmərqənddən gəlmiş memarlar da vardı. Onların başçılığı ilə 20 ildən artıq bir müddət ərzində 20 min bənna çalışmışdır. Tac-Mahal məhz belə bir müştərək, demək olar ki, beynəlmiləl inşaatçılar və memarlar ordusunun səyi ilə 1653-cü ildə ərsəyə gəlmişdir.
Beləcə,“dua müqəddəsliyini, ilğım ecazkarlığını, şeriyyəti və xəyalı” özündə birləşdirən bu gözəllik mücəssəməsi dünyanın əsl möcüzəsinə çevrilmişdir.