SİYASƏT
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ QEYD EDİLDİ
Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə ölkəmizin Özbəkistandakı səfirliyində böyük bayram tədbiri keçirilmişdir. Mərasimdə Özbəkistanda və Cənubi Qazaxıstanda yaşayan Azərbaycan diasporunun tanınmış üzvləri, Azərbaycan mədəniyyət mərkəzinin rəhbərləri iştirak edirdilər.
Ölkəmizin Özbəkistandakı səfiri Aydın Əzimbəyov iştirakçıları salamladı, respublikamızın rəhbərinin Azərbaycan diasporunun işinin daha da canlandırılması sahəsində həyata keçirdiyi tədbirlərdən söhbət açdı. Səfir dedi: - Məhz bu siyasətin bariz nümunəsidir ki, möhtərəm Prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının I qurultayı çağırıldı. Noyabrın 8-9-u tarixə məhz Dünya Azərbaycanlılarının birləşməsi günü kimi yazıldı. Əminəm ki, xaricdə yaşayan soydaşlarımız tarixi Vətənimiz üçün daha bundan sonra çox işlər görəcək, xalqımızı, Vətənimizi daha geniş təbliğ edəcək. Bu gün bütün dünyada yaşayan soydaşlarımızın daha da sıx birləşməsi üçün ölkəmizdə mühüm işlər görülür.
Sonra səfirliyin müşaviri Surxay Əliyev, Ağsaqqallar Şurasının sədri Rəşid Haçıyev, jurnalist Şövkət Əliyeva və başqaları çıxış edərək Azərbaycanla hərtərəfli əlaqələrin genişlənməsinin vacibliyini qeyd etdilər.
Tədbirin sonunda səfir A.Əzimbəyov “Mehrcan” mahnı və rəqs ansamblının üzvlərinə qiymətli hədiyyələr təqdim etdi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd