ELM VƏ TƏHSİL
DÜNYA BANKININ MİSSİYASI BAKIYA GƏLİRO, TƏHSİL SİSTEMİ İSLAHATININ ONİLLİK PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİ GEDİŞİ İLƏ TANIŞ OLACAQDIR
Bankdan AZƏRTAC-a bildirmişlər ki, 2003-2013-cü illəri əhatə edən bu proqram sahə üzrə işlərin keyfiyyətcə yaxşılaşdırılmasını, maddi-texniki bazanın inkişaf etdirilməsini, yuxarı siniflər üçün tədris proqramlarının yeniləşdirilməsini, yeni dərsliklər buraxılmasını, müəllimlərin ixtisasının artırılmasını nəzərdə tutur. Layihənin dəyəri 60 milyon ABŞ dollarına bərabərdir və o, üç mərhələdə (2003-2007, 2007-2010, 2010-2013-cü illər) reallaşdırılacaqdır. 18 milyon dollar məbləğində olan ilk tranş ötən ilin sentyabrında ayrılmışdır.
Xatırladaq ki, bu, Azərbaycanda təhsil sisteminin islahatı ilə bağlı DB-nin ikinci layihəsidir. Məsələ barədə ölkəmizlə DB arasında saziş 1999-cu ilin iyulunda imzalanmışdı. 5,5 milyon dollarlıq həmin layihə bu ilin martında başa çatmışdır.