İQTİSADİYYAT
DÜNYA BANKI AZƏRBAYCANA 60 MİLYON DOLLAR KREDİT AYIRACAQ
Dünya Bankının (DB) dəvəti ilə Amerika Birləşmiş Ştatlarında səfərdə olan Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti bu beynəlxalq maliyyə qrumu tərəfindən ölkəmizə İkinci Struktur İslahatları kreditinin (SAC-2) verilməsi haqqında danışıqları başa çatdırmışdır. Fevralın 8-də Vaşinqtonda Respublikamızın maliyyə naziri Əvəz Ələkbərov və layihənin Dünya Bankı üzrə tapşırıq qrupunun rəhbəri Kristian Pitersen arasında protokol imzalanmışdır.
Sənədə əsasən Dünya Bankı Azərbaycana 60 milyon dollar məbləğində kredit ayıracaqdır. İki 30 milyonluq tranşda ayrılacaq bu vəsaiti əks etdirən layihə bu ilin mart ayında Dünya Bankının Direktorlar Şurasının iclasında təsdiqlənəcəkdir. Azərbaycanın dövlət büdcəsinə keçiriləcək bu vəsait enerji, kommunal, özəl və bank sektorunun təkmilləşdirilməsinə sərf olunacaqdır.
Azərbaycan Dünya Bankına borcunu 0,75 faizlə 35 il ərzində ödəyəcəkdir. Bu müddətin 10 ili güzəştlidir, yəni Azərbaycan Dünya Bankına borcunu 2012-ci ildə qaytarmağa başlayacaqdır. 2012-2020-ci illərdə Azərbaycan bu qruma ümumi borcunun hər il 2,5 faizini, ondan sonra isə 5 faizini keçirəcəkdir.
35 illik kreditlər adətən ümummilli məhsulu adambaşına 865 dollar təşkil edən ölkələrə verilir. Azərbaycanın göstəriciləri isə yaxın illərdə xeyli artacaqdır. Mütəxəssislərin hesablamalarına görə, 2005-ci ildə ölkəmizin ümummilli məhsulu adambaşına 1000 dollara çatacaqdır.
SAC-2-nin ikinci tranşının verilmə şərtləri iqtisadi islahatların normativ bazasının həyata keçirilməsi ilə əlaqədardır. Şərtlər müvəffəqiyyətlə yerinə yetiriləcəyi tədbirdə Azərbaycan qalan 30 milyon dolları da bu ilin noyabrında ala bilər.
Xatırladaq ki, Dünya Bankının bu günədək Azərbaycana ayırdığı kreditlərin ümumi dəyəri 461 milyon dollar təşkil edir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton