CƏMİYYƏT
DÜNYA BİRLİYİNİN İRANIN NÜVƏ PROQRAMI BARƏDƏ MÖVQEYİ DİPLOMATİK DİALOQA YOLU KƏSMƏMƏLİDİR
Dünya birliyinin İranın nüvə proqramı barədə mövqeyi sərt olmalı, amma diplomatik dialoqa aparan yolu kəsməməlidir. AZƏRTAC-ın Ankaradan aldığı xəbərə görə, bunu Türkiyədə rəsmi səfərdə olan Fransanın xarici işlər naziri Filipp Dust-Blazi mətbuat konfransında bəyan etmişdir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən mətbuat konfransında Fransa XİN-in başçısı bildirmişdir ki, dünya birliyi İranın nüvə proqramına dair tez və ciddi qərar qəbul etməlidir.
Dust-Blazi Türkiyənin Avropa İttifaqına qoşulması haqqında danışıqlara toxunaraq, Ankaranın ötən il ərzində “böyük dəyişikliklər və irəliyə doğru iri sıçrayış etdiyini” vurğulamışdır. O demişdir: “Bu istiqamətdə səyləri davam etdirmək lazımdır. İnsan hüquqlarına əməl olunması və dini etiqad sahəsində vəziyyətə diqqət yetirmək, habelə Gömrük İttifaqının qaydalarını bütün Avropa İttifaqı ölkələrinə, o cümlədən Kipr Respublikasına şamil etmək lazımdır”.