MƏDƏNİYYƏT
“DÜNYA İRSİ” JURNALINDA İÇƏRİŞƏHƏR HAQQINDA MƏQALƏ DƏRC OLUNMUŞDUR
Geniş oxucu auditoriyasına malik, dünya mətbuatında özünəlayiq yeri olan bu mötəbər jurnalın öz səhifələrində Azərbaycan mədəniyyətinə xüsusi yer ayırması təqdirəlayiqdir. Məqalədə 2000-ci ilin dekabr ayında YUNESKO Dünya İrsi siyahısına daxil edilən, xalqımızın çoxəsrlik zəngin memarlıq nümunəsinin ən dəyərli yadigarlarından biri, nadir şəhərsalma abidəsi olan İçərişəhərin yaranma tarixi, tikililəri, Bakının ən qədim və sirli Qız qalası haqqında geniş məlumat verilmişdir.
Məqalədə bu qədim memarlıq abidəsinə diqqətin artırılmasında “Bakı şəhərində İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamının böyük əhəmiyyəti də xüsusi qeyd olunmuşdur.