İDMAN
DÜNYA KUBOKU UĞRUNDA BAKIDA KEÇİRİLƏCƏK YARIŞDA AZƏRBAYCAN 13 BOKSÇU İLƏ TƏMSİL OLUNACAQDIR
Baş məşqçi Məmməd Eyvazov komandaya 13 boksçu cəlb etmişdir. Azərbaycanın idman şərəfini Ceyhun Əbiyev (48 kq), Rəhim Nəcəfov (51 kq), Şahin İmranov (57 kq), Romal Amanov (60 kq), Emil Məhərrəmov (64 kq), Ruslan Xairov (69 kq), Rahib Bəylərov (75 kq), Cavid Tağıyev, Zaur Teymurov (81 kq), Elçin Əlizadə (91 kq) və Vüqar Ələkbərov (91 kq-dan yuxarı) qoruyacaqlar. Bundan başqa, avtomobil qəzasından sonra uzun müddət rinqdən uzaq qalan dünya çempionu Ağası Məmmədov (60 kq) da yığma komandanın heyətinə qatılmışdır.
Komandanın heyətində yalnız 54 kiloqram çəkidə yarışacaq boksçunun adı hələlik məlum deyil. Baş məşqçinin sözlərinə görə, bu çəkiyə bir neçə namizəd vardır və üstünlük ən güclü idmançıya veriləcəkdir.
Qeyd edək ki, yarış Bakı İdman Sarayında təşkil olunacaqdır.