İQTİSADİYYAT
DÜNYA NEFT BAZARINDA “QARA QIZIL”IN QİYMƏTİ XEYLİ ARTMIŞDIR
Tələbatın artması üç amillə - bu yaxınlarda Meksika körfəzində qopan qasırğa nəticəsində ABŞ-ın bir sıra neftayırma zavodlarında yaranmış çətinlik, İraqdan artıq çoxdan gözlənilən neftin gəlib çıxmaması ilə, habelə Venesuelada siyasi gərginliyin yenidən artacağı barədə xəbərlərlə bağlıdır.
İndoneziya isə bildirmişdir ki, OPEK-in iyulun 31-də keçiriləcək növbəti sessiyasında hasilatı indiki səviyyədə saxlamağı təklif edəcəkdir. Hazırda OPEK-in 10 ölkəsində (İraqsız) gündə 25,4 milyon barrel neft hasil olunur. Lakin müstəqil ekspertlərin fikrincə, OPEK ölkələri müəyyənləşdirilmiş normadan təxminən 500 min barrel artıq neft çıxarırlar.
İraqdan neft ixracına yenidən başlanması ilə əlaqədar çətinliklər də qalmaqdadır. İraq neft sənayesinin nümayəndəsi bildirmişdir ki, Türkiyəyə gedən şimal boru kəməri ilə neft ixracına hələ də başlanmamışdır. Belə ki, bu boru kəməri təqribən bir ay əvvəl baş vermiş iki partlayış nəticəsində sıradan çıxmışdır.