DÜŞƏNBƏDƏ İÇMƏLİ SU MƏSƏLƏLƏRİNƏ DAİR BEYNƏLXALQ FORUM KEÇİRİLİR
Tacikistan paytaxtına beynəlxalq təşkilatların, 50 ölkənin dövlət və qeyri-hökumət qurumlarının 400-dən çox nümayəndəsi gəlmişdir. Respublikamızı Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nümayəndə heyəti təmsil edir.
ATƏT-in Baş katibi Yan Kubiş forum iştirakçılarına məktub göndərmişdir. Məktubda deyilir ki, “içməli su ehtiyatlarından istifadə edilməsi dünyanın bütün dövlətlərinin siyasətinin öncül istiqamətidir. Bu bizim təşkilatın da siyasətinin öncül istiqamətlərindən biridir. Təsadüfi deyil ki, ATƏT-in 2002-ci ildə keçirilmiş iqtisadi forumunda 55 iştirakçı ölkənin liderləri su ehtiyatlarının idarə olunması məsələlərini müzakirə etmişdilər”.
Məktubda bildirilir ki, su ehtiyatlarından istifadə sahəsində dialoqun və əməkdaşlığın dəstəklənməsi məqsədi ilə ATƏT rəhbərliyi bu sahədə layihələr hazırlanmasına dair iş aparır. Bu, təşkilatın üzvləri arasında etimadı gücləndirməyə və beynəlxalq rəqabəti aradan qaldırmağa imkan verəcəkdir.
Forum çərçivəsində üç beynəlxalq təşkilatın – ATƏT-in, BMT-nin İnkişaf Proqramı və Ətraf Mühit Proqramının nümayəndələri ətraf mühit və təhlükəsizlik sahəsində birgə tədbirlər görülməyə başlandığını bəyan edəcəklər.