DÜŞƏNBƏDƏ NARKOTİKLƏRLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tacikistanın paytaxtında İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin iştirakı ilə “Narkotik təchizatının məhdudlaşdırılması” mövzusunda keçirilən seminar başa çatmışdır.
Seminarda respublikamızı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri İsrafil Əliyev və Daxili İşlər Nazirliyinin Narkotiklərlə mübarizə baş idarəsinin şöbə rəisi İlqar Mahmudov təmsil etmişlər.
Tədbirdə narkotiklərlə bağlı Əfqanıstanda yaranmış vəziyyət və bunun Mərkəzi Asiya, Qafqaz və digər regionlara təsiri, narkotiklərlə mübarizə sahəsində səylərin əlaqələndirilməsi, yeni texnologiyanın tətbiqi və başqa məsələlər müzakirə olunmuşdur.
Azərbaycan nümayəndələri İsrafil Əliyev və İlqar Mahmudovun narkotiklərlə mübarizə sahəsindəki fəaliyyəti təqdir edilmiş, onlar Tacikistan Prezidenti yanında Narkotiklərlə Mübarizə Agentliyinin yaradılmasının 5 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif olunmuşlar.
İsrafil Əliyev seminarda Azərbaycanda narkotiklərlə bağlı vəziyyət haqqında məlumat vermişdir. O bildirmişdir ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən “Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul olunmuş, 2000-ci ildə isə Prezidentin fərmanı ilə “Narkomaniyanın yayılması və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə milli proqram” təsdiq edilmişdir. Son 3 il ərzində Azərbaycanda yabanı halda bitən və qanunsuz əkilən 1 milyon dollar dəyərində narkotik xassəli bitki məhv olunmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var