CƏMİYYƏT
DYP: 55 min 678 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Bakı, 18 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mayın 15-i saat 00:00-dan mayın 18-i saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 15-i saat 00:00-dan mayın 18-i saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1720 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 55 min 678 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.