CƏMİYYƏT


DYP: Avtomobillə normadan çox yük daşıyan fiziki və hüquqi şəxslərə qarşı nəzarət tədbirləri gücləndirilir

Bakı, 30 iyun, AZƏRTAC

Avtomobillə normadan artıq yük daşıyan fiziki və hüquqi şəxslərə qarşı nəzarət tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, təyinatından asılı olmayaraq istənilən yükün müəyyənləşdirilmiş kütlə hədlərini aşmamaq şərti ilə daşınması barədə dəfələrlə edilmiş xəbərdarlığa, bu sahədə çalışan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi istiqamətində görülən tədbirlərə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən hələ də oxşar qayda pozuntularına yol verilir.

Qanunvericiliyə zidd olan belə halların qeydə alınması, xüsusilə yay mövsümündə normadan artıq yük daşıyan avtomobillərin asfalt örtüklü yolları deformasiyaya uğradaraq yararsız hala salması ciddi narahatlıq hissi doğurmaqla yanaşı, həm də daha kəsərli tədbirlərin görülməsini tələb edir.

Odur ki, belə halların qarşısının alınması məqsədilə, Dövlət Yol Polisinin stasionar postlarında nəzarət tədbirləri gücləndirilib, həmin qayda pozuntularına yol vermiş ayrı-ayrı sürücülər haqda inzibati tənbeh tədbirləri görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə, həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəxslər altı yüz manat məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.