CƏMİYYƏT
DYP: İstismar müddəti keçmiş yol nişanları yeniləri ilə əvəzlənir
Bakı, 1 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol infrastrukturunda nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması, eləcə də nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini daha da gücləndirir.
İdarədən AZƏRTAC-a bildiriblər ki, Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələri yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək icraya verilmiş layihələrin həyata keçirilməsini mərhələli şəkildə davam etdirir.
Hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Gəncə, Xaçmaz, Ağdam, Cəlilabad, Tovuz, Qəbələ və Lənkəranda istismar müddəti keçmiş yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəzlənməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası, eləcə də işıqfor obyektlərinə texniki qulluq həyata keçirilir.