İDMAN
D qrupundan Fransa və Avstraliya milliləri pley-offa yüksəliblər
Bakı, 30 noyabr, AZƏRTAC
Qətərdə keçiriləm futbol üzrə dünya çempionatının D qrupunda mübarizəyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Əl Canub” stadionunda Avstraliya millisi Danimarka yığması ilə qarşılaşıb. Əlcəzairli hakim Mustafa Qorbalın idarə etdiyi oyunda Avstraliya millisi minimal hesablı qələbə qazanıb - 1:0. Matçın 60-cı dəqiqəsində Metyud Leki fərqlənib.
Qrupun digər oyununda Tunis yığması ötən tur pley-off mərhələsinə vəsiqəni təmin edən Fransa seçməsi ilə üz-üzə gəlib. “Edukeyşn Siti” stadionunda təşkil olunan matç 1:1 hesabı ilə başa çatıb. Tunislilərin heyətində 58-ci dəqiqədə Vəhbi Xəzri fərqlənib. Sonuncu dünya çempionlarının qolunu isə 98-ci dəqiqədə Antuan Qrizman vurub.
Beləliklə, D qrupunda hesabında 7 xal Fransa və 6 xal toplayan Avstraliya yığmaları növbəti mərhələyə yüksəliblər. Tunis millisi 3 xalla qrupda üçüncü, Danimarka 1 xalla sonuncu olub.
Bu gün mundialın C qrupu çərçivəsində Polşa - Argentina və Səudiyyə Ərəbistanı - Meksika oyunları keçiriləcək. “Stadium 974”də oynanılacaq Polşa - Argentina matçını niderlandlı referi Danni Desmond Makkeli idarə edəcək. “Lusail” stadionunda keçiriləcək digər matçın baş hakimi ingiltərəli Maykl Oliver olacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə və ABŞ yığmaları da səkkizdəbir finala vəsiqəni təmin ediblər.