REGİONLAR
Dağ yəhudiləri Vətən müharibəsində azərbaycanlı qardaşları ilə bir yerdədir
Quba, 2 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qubadakı dağ yəhudiləri uzun illərdir bu torpaqlarda azərbaycanlılar və başqa xalqlarla əmin-amanlıq şəraitində yaşayır və qaynayıb-qarışır. Vətənimiz uğrunda döyüşlərdə şəhidlər vermişik və birlikdə qələbələr qazanmışıq. Dağ yəhudisi Albert Aqarunov Qarabağda gedən döyüşlərdə erməni işğalçılarının xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv edib. O, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Biz həmişə bir yerdəyik. Dağ yəhudiləri Vətən müharibəsində azərbaycanlı qardaşları ilə bir yerdədir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubada yaşayan dağ yəhudiləri icmasının üzvü Pisax İsakov söyləyib.
P.İsakov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyinə inamını bildirib. “Hamı anlayırdı ki, sözdən əməli fəaliyyətə keçməyin vaxtı çatıb. Prezidentimiz də Ermənistanın siyasi və hərbi rəhbərliyinə dəfələrlə təxribat törətməmələri barədə xəbərdarlıqlar etdi. Amma onlar mənfur əməllərindən qalmadılar. İndi biz haqq uğrunda savaşırıq. Əminəm ki, tezliklə Vətən müharibəsində qalib gələcəyik!”, - deyə Pisax İsakov söyləyib.
Dağ yəhudilərinin Qubada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın dövründə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub.