SİYASƏT
Dağılmış şəhərin ümid çıraqları - AZƏRTAC-ın İrpen şəhərindən məxsusi reportajı VİDEO
İrpen, 18 aprel, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdən cəmi 20 kilometr uzaqlıqda yerləşən İrpen şəhərinə yaxınlaşdıqca ölüm qoxulu yolda olduğumu hiss etməkdə idim. Kiyevdən İrpenə gedən yolda ilk qarşılaşdığım mənzərə partladılmış körpü və məhv edilmiş zirehli texnika və tanklar oldu.
Mənzərənin acınacaqlı olacağını bilirdim, çünki Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların elə ilk günlərində İrpendə dəhşətli döyüşlər getmişdi. Şəhərin yarısında binalar, yaşayış evləri, infrastruktur dağıdılıb, mülki şəxslər həlak olub. İrpen şəhər meriyasının məlumatına görə, şəhərdə 300-dən çox mülki şəxs və 50-dən çox hərbçi həlak olub. Məhz buna görə də bu döyüşlərdə öldürülənlər üçün yeni qəbiristanlıq da salınıb.
İrpen şəhəri İkinci Dünya müharibəsindən sonra bu cür dağıntılara məruz qalmamışdı. Müharibənin qalıqları küçə və yollarda açıq-aşkar hiss olunurdu, qara libasını geyinmiş şəhər isə yazın gətirdiyi xoş ab-havaya hazır deyil. Şəhər tam boş idi, yalnız hərbi postları görmək olurdu. Qeyd etmək yerinə düşər ki, İrpenə “Qəhrəman şəhər” adı verilib.
...İrpen, həm də azərbaycanlıların daha çox sevdiyi və ziyarət etdiyi şəhərdir, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına öz töhfəsini verib. Bu şəhəri bizə doğmalaşdıran həm də orada Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbin, küçə və parkın olmasıdır. Dağıdılmış binaların içərisi ilə gəlib parka çatanda sanki bir ümid işığı yandı. Park da, abidə də, küçə də yerində idi və şəhərə sanki ümid işığı saçırdı. Zərifə xanım Əliyevanın abidəsi önünə tər çiçəklər düzəndən sonra onun adını daşıyan orta məktəbə doğru istiqamət götürdüm. Orta məktəbin binasının isə yalnız pəncərələri sınmışdı...
İrpenin bir hissəsi öz simasını saxlaya bilib. Bu, şəhərin ümid çırağıdır. Bu çırağın istisinə sığınaraq böyük ümidlə buraya yenidən qayıdacağım düşüncəsi ilə şəhərdən ayrıldım.
AZƏRTAC İrpen şəhərindən məxsusi foto və videoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen