İDMAN
Dağlar diyarı Daşkəsən məşəl estafetinin unudulmaz sevincini yaşadı VİDEO
Daşkəsən, 16 may, Sabir Əliyev, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Gəncədə keçirilən möhtəşəm festivaldan sonra dağlar qoynunda yerləşən Daşkəsən rayonuna gətirildi. Daşkəsənin giriş qapısında məşəlin təntənəli qarşılanma mərasimi oldu.
AZƏRTAC xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində rayonun minlərlə sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşıladı. Avropa Oyunlarının rəmzi qapısında ağırlıqqaldırma üzrə dünya çempionu Xaqani Abdullayev məşəli qəbul edərək bildirdi ki, bu gün Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına ev sahibliyi edir. İdmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. O, ölkəmizin bu yarışları yüksək səviyyədə keçirəcəyinə əminliyini ifadə edərək vurğuladı ki, birinci Avropa Oyunları idmanın inkişafı ilə yanaşı, milli mədəniyyətimizin təbliğinə də əlverişli şərait yaradacaq.
Sonra 10 nəfər məşəlçi Avropa Oyunlarının rəmzi qapısından iki kilometr məsafədə yürüşə başladı. Onlar rayon sakinlərinin alqış sədaları altında Heydər Əliyev prospekti boyunca hərəkət edərək Ümummilli Liderin adını daşıyan mərkəzin qarşısına gəldilər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşıladılar. Sonuncu məşəlçi Zaur Həsənov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırdı və bu xoşbəxtlik ona nəsib olduğu üçün Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıq etdi.
Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.
Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Məşəl estafetinin unudulmaz sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşən Daşkəsən sakini Şahnaz Tağıyeva dedi: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər bir Azərbaycan vətəndaşı üçün qürur doğuran hadisədir və ölkəmizin, Prezidentimizin dünyada getdikcə artan nüfuzundan xəbər verir. Azərbaycan xalqı bu gün əsl bayram əhval-ruhiyyəsi yaşayır. Sevinirik ki, gündən-günə güclənən, inkişaf edən bir ölkənin vətəndaşlarıyıq”.
Rayon müharibə, əmək və silahlı qüvvələr veteranları şurasının sədri Elman Məmmədov söhbətə qoşularaq Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını tarixi hadisə kimi dəyərləndirdi, ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi.
Birinci Avropa Oyunlarının məşəli Daşkəsəndən Samux rayonuna yola salındı.