CƏMİYYƏT


Dağlıq Qarabağ bölgəsindən olan azərbaycanlı gənclərlə görüş keçirilib

Bakı, 11 oktyabr, AZƏRTAC

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Azərbaycan Gənclər Fondu Dağlıq Qarabağdan olan gənclərimizlə görüş təşkil edib.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri, icma rəhbəri Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin nəticələri barədə danışıb. O bildirib ki, bu gün Ermənistanla münaqişə bütün platformalarda - hərbi, diplomatik sahələrdə və sosial media üzərindən davam edir. Gənclərimiz sosial mediada fəal olmalıdırlar. Ermənilərlə informasiya müharibəsində gənclərin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu gün geniş imkanlar var və gənclərimiz bu imkanlardan istifadə etməlidirlər.

İctimai Birliyin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Flora Qasımova da gəncləri erməni yalanlarına qarşı fəal olmağa çağırıb. O, gənclərə Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı bəyanatını xatırladıb. Qeyd edib ki, Prezident çıxışında “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək növbəti erməni yalanını ifşa etdi. Çalışmalıyıq ki, hər addımımızda bu bəyanatı xüsusi olaraq hər kəsin diqqətinə çatdıraq. Azərbaycanda iqtisadi, siyasi sahələrdə görülən bütün işlər torpaqlarımızın işğaldan azad edilməsi istiqamətinə yönəlib.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan gəncləri əməkdaşlığa dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.