SİYASƏT
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvləri ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədri İqor Popov, ABŞ-dan olan həmsədri Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağın azərbaycanlı icmasının əsas tələbləri həmsədrlərə təqdim edilərək, azərbaycanlı məcburi köçkünlərin əsas insan hüquqlarının bərpa edilməsi, torpaqlarımıza geri qayıtmaq, Azərbaycanın beynəlxalq tanınmış sərhədlərinin bərpası və Ermənistanın işğalına dərhal son qoyulması istənilib. Görüşdə Ermənistan rəhbərliyi və qondarma rejimin “nümayəndələri”nin son zamanlar səsləndirdiyi təxribat xarakterli bəyanatların danışıqlara vurduğu ziyan icma üzvləri tərəfindən qeyd olunub. Həmçinin işğal olunmuş ərazilərimizdə Ermənistanın apardığı qanunsuz fəaliyyət haqqında həmsədrlərin diqqətinə məlumat çatdırılıb. Bu xüsusda, Şuşada Azərbaycan xalqına məxsus qədim Gövhər ağa məscidinin “təmir” olunaraq fars məscidi kimi təqdim edilməsinə görə etiraz bildirilib, Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı qondarma rejim tərəfindən tariximiz, mədəni, dini və qeyri-maddi irsimizin saxtalaşdırılmasının yolverilməz olduğu xüsusi vurğulanıb.
Həmsədrlərə, habelə işğal olunmuş ərazilərdə aparılan qanunsuz məskunlaşdırma fəaliyyəti haqqında məlumat verilib, Ermənistan tərəfinə bu fəaliyyətini dayandırmaq üçün təzyiq göstərilməsi xahiş edilib.
İcma üzvləri bir daha yalnız işğalın nəticələrinin aradan qaldırılması ilə Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində daimi və ədalətli sülh şəraitində birgəyaşayışın mövcud ola biləcəyini vurğulayıblar.