SİYASƏT
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət beynəlxalq hüquqa ziddir
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, M.Vandervits deyib ki, Azərbaycan-Almaniya münasibətləri tarixi köklərə əsaslanır. Hər iki ölkə arasında mədəniyyət sahəsində uzunmüddətli əməkdaşlıq var.
Dağlıq Qarabağ münaqişəsi haqqında danışan almaniyalı deputat qeyd edib ki, Azərbaycanın mübahisəsiz ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. BMT-nin Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı qətnamələr qəbul edib və həmin sənədlərdə də bu işğalın qeyri-qanuni olduğu öz əksini tapır. Lakin bu qətnamələr indiyədək yerinə yetirilməyib. Ərazilər hələ də işğal altındadır və münaqişə nəticəsində çoxlu sayda insan qaçqın və məcburi köçkünə çevrilib.
M.Vandervitç bildirib ki, münaqişə ilə bağlı hazırkı vəziyyət beynəlxalq hüquqa ziddir və dəyişiklik mütləqdir. Problemin həlli istiqamətində göstərilən cəhdlər isə heç bir nəticə verməyib. Təəssüf ki, bu dözülməz vəziyyət dəyişməyib və münaqişə açıq yara olaraq qalır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa əsasən həll olunmalıdır.
Azərbaycanın qeyri-sabit regionda sabit dövlət olduğunu deyən deputat bildirib ki, bu ölkə yalnız Almaniya üçün deyil, bütün Avropa üçün maraqlı tərəfdaşdır. Azərbaycan, Almaniya və Avropa İttifaqı arasındakı münasibətlər tarixən yaxşı olub və bu, enerji məsələlərindən də kənara çıxır.
“Almaniya və bütövlükdə Qərbi Avropa münaqişənin həllində yaxından iştirak etməklə Azərbaycana deməlidir: “Biz bir tərəfdən strateji enerji tərəfdaşlığını istəyirik, digər tərəfdən isə bu münaqişə ilə bağlı öz səsimizi qaldırmaq istəyirik, tezliklə vəziyyətdə irəliləyişin baş verməsi ümidi ilə barmağımızı bu açıq yaranın üzərinə qoyacağıq, çünki sizin istəyiniz mümkünsüz bir şey deyil, beynəlxalq hüquq sizin tərəfinizdədir”, - deyə M.Vandervits vurğulayıb.