SİYASƏT
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi Serbiya parlamentinin gündəliyinə daxil edilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Serbiya parlamentinin konstitusiya və hüquq məsələləri üzrə komitəsinin sədri, Azərbaycanla parlament dostluq qrupunun rəhbəri Vladimir Tsvian “Beynəlxalq hüquqa riayət olunması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə dair qətnamə” layihəsini parlamentin gündəliyinə təklif etmişdir.
Azərbaycanın Serbiyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, layihə parlamentin gündəliyinə salınmışdır. Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20 faiz ərazisinin işğalı, 30 minə yaxın azərbaycanlının qətlə yetirilməsi, 50 minədək insanların yaralanması və bir milyonadək soydaşlarımızın qaçqın və məcburi köçkünə çevrilməsi, Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğalı kimi faktlar öz əksini tapmışdır.
Sənəddə, həmçinin fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsi barədə də məlumat verilir. Layihədə vurğulanır ki, Xocalıda törədilmiş hadisələr zamanı 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 mülki şəxs zərər çəkmiş, beynəlxalq müşahidəçilər bu faciə ilə bağlı Ermənistan silahlı qüvvələrinin məsuliyyət daşıdığını qeyd edirlər.
Bundan sonra sənəddə bildirilir ki, Milli Parlament yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını və suverenliyini dəstəkləyir, mülki əhaliyə qarşı törədilmiş bütün zorakılıq aktlarını pisləyir, həmçinin Xocalı hadisələrinə eyni şəkildə yanaşır. Parlament BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamələrin yerinə yetirilməsini, münaqişənin sülh yolu ilə həllinin tapılması məqsədi ilə danışıqlar prosesinə başlanmasını, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasının tam təmin olunmasını tələb edir.