SİYASƏT
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh sazişi üzərində işə başlama üzrə fəaliyyət qrafiki müzakirə olunub
Bakı, 16 fevral, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryö (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov atəşkəsin pozulması hallarından danışarkən ilk növbədə, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının həmsədrlər tərəfindən tələb edilməsinin vacibliyini vurğulayıb.
Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının münaqişənin həlli və etimadın yaradılmasında irəliyə doğru mühüm addım olacağını qeyd edən nazir sülh sazişinin layihəsi üzərində ciddi danışıqlara başlamağın zəruri olduğunu söyləyib, Azərbaycanın buna hazırlığını ifadə edib.
Görüşdə həmsədrlərlə münaqişənin həlli ilə bağlı sülh sazişi üzərində işə başlama üzrə fəaliyyət qrafiki müzakirə olunub.