SİYASƏT
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri beynəlxalq İƏT Modeli layihəsində çıxış edib
Bakı, 22 may, AZƏRTAC
Bakıda yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən beynəlxalq İƏT Modeli layihəsində Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin onlayn mühazirəsi təşkil olunub.
İcmadan AZƏRTAC-a bildiriblər ki, mayın 21-də Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev xüsusi qonaq mühazirəçi qismində beynəlxalq İƏT Modeli layihəsində onlayn qaydada mühazirə deyib. Mühazirə xüsusilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən olan layihə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Mühazirəyə artıq 2000-ə yaxın baxış olub.
Məruzəçi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqda məlumat verərək, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin mahiyyətini açıqlayıb. T.Gəncəliyev Azərbaycanın bu münaqişənin sülh yolu ilə ədalətli şəkildə həll edilməsi üçün hər zaman təşəbbüs göstərdiyinə baxmayaraq, Ermənistan hökumətinin və rəhbərliyinin sülh danışıqlarını pozan və status-kvonu qoruyub saxlamağa çalışan addımlar atdığını təəssüflə qeyd edib. O, həmçinin bildirib ki, işğalçı Ermənistan rəhbərliyinin birbaşa dəstəyi və iştirakı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı və qondarma rejim rəhbərinin qondarma “inauqurasiya mərasimi” qəbuledilməzdir və Ermənistan rəhbərliyinin destruktiv mövqeyini açıq şəkildə göstərir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələlərinin “qırmızı xətt” olduğunu xüsusi vurğulayan T.Gəncəliyev həmçinin bəzi erməni sosial media istifadəçilərinin ölkəmizin haqlı mövqeyini dəstəklədiklərini icmanın nəzərinə çatdırdıqlarını qeyd edib. Deputat doğulduğu və on iki yaşına qədər yaşadığı, hazırda işğal altında olan Şuşa şəhəri, onun dağıntılara məruz qalmış mədəni irsi haqda danışıb, bu şəhərdə keçirdiyi uşaqlıq xatirələrini beynəlxalq iştirakçılarla bölüşüb. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, bu il onlayn qaydada həyata keçirilən layihənin son 5 həftədəki mühazirələrini, ümumilikdə, 50 mindən artıq insan izləyib. Ötən həftələr ərzində bu proqram çərçivəsində Böyük Britaniyanın Lids Universitetinin professoru Salman Sayyid, Vaşinqtondakı Qlobal Siyasət Mərkəzinin Direktoru Azeem İbrahim, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyatçı-alim Aqil Şirinov, Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri, səfir Fərid Şəfiyev müxtəlif mövzularda mühazirə ilə çıxış ediblər.