REGİONLAR
Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 262 min manat güzəştli kredit verilib
Şamaxı, 9 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu rayon icra hakimiyyətinin dəstəyi ilə dekabrın 9-da Şamaxıda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
AZƏRTAC xəbər verir ki, rayonun Mədrəsə qəsəbəsində keçirilən forumda 80 nəfər yerli sahibkar, fermer və iş adamı iştirak edib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov forumu açaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Şamaxıda sosial-iqtisadi sahələrdə görülən işlərdən, əldə edilən uğurlardan, bu sahədə sahibkarların rolundan danışıb.
Forum çərçivəsində Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq, kartofçuluq təsərrüfatlarının, pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev forum iştirakçılarına məlumat verərək bildirib ki, 2016-cı ilin ötən dövründə fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 157 milyon manatdan çox güzəştli kredit ayrılıb. Bu investisiya layihələrinin reallaşdırılması 7700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək təkcə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1850-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 67,7 milyon manat güzəştli kredit verilib.
İşgüzar forumda kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faiz hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sonra Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 30 sahibkara 262 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, bağçılıq, arıçılıq və sair sahələrin inkişafına yönəldiləcək və nəticədə 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Şamaxı rayonunda güzəştli kredit ayrılan müasir heyvandarlıq kompleksinə və iri fermer təsərrüfatına baxış keçirilib.
Qeyd edək ki, ümumilikdə, indiyədək 23 müasir heyvandarlıq kompleksinin yaradılmasına 100 milyon manatdan çox güzəştli kredit verilib. Artıq həmin təsərrüfatlardan 19-u fəaliyyətə başlayıb. Bu təsərrüfatlarda istehsal olunan yüksək keyfiyyətli süd emal zavodlarının südə olan tələbatının ödənilməsində mühüm rol oynayır.