CƏMİYYƏT
Dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda sululuq artıb
Bakı, 14 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində temperatur rejiminin nisbətən yüksək olması və dağlıq, qismən də yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-220, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, aprelin 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 243 kubmetr olmaqla ongünlük normanın 33 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 314 kubmetr olmaqla ongünlük normanın 42 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 84 kubmetr olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 103 kubmetr təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.
Aprelin 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 24, Salyanda 6, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 4 santimetr artım, Surrada isə 2 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 (2016-cı il aprelin 14-də 410 sm), Şirvanda 271 (2016-cı il aprelin 14-də 285 sm), Salyanda 210 (2016-cı il aprelin 14-də 217 sm), Bankədə 185 (2016-cı il aprelin 14-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 107 santimetr (2016-cı il aprelin 14-də 116 sm) təşkil edir.