İQTİSADİYYAT


Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən daha 2 şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar Parklarına rezidentliyə qeydiyyata alınıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, “GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkında, “Kibrit Tech” MMC-nin “İqlime” layihəsinə isə Mingəçevir Yüksək Texnologiyalar Parkında rezident statusu verilib. Hər iki layihəyə İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli tərəfindən qeydiyyat şəhadətnamələri təqdim olunub.

Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti “Hesab Shop” layihəsi onlayn ticarət sahəsində kiçik, orta və böyük şirkətlər üçün internet üzərindən yeni satış kanalına imkan yaradan elektron ticarət platformasıdır. Azərbaycanın ilk və ən böyük onlayn ödəniş platforması “hesab.az” ölkə bazarında keyfiyyətli və peşəkar onlayn ticarət platformasını açır və böyük bazar payına sahib olmağı hədəfləyir.

Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti “İqlime” şirkəti əsasən kənd təsərrüfatı sahəsində örtülü torpaqların, istixanaların temperaturunu və rütubətini ölçən və nəzarət edən cihaz istehsal edir. Layihənin əsas məqsədi ölkənin kənd təsərrüfatının texniki inkişafına xidmət etmək, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılmasına təkan vermək və istixana sahiblərinin işini asanlaşdırmaqdır.

T.Kərimli yaxın zamanlarda İnnovasiyalar Agentliyinin və rezidentlərin birgə maliyyələşməsi əsasında 3 yeni istehsal sahələrinin tikintisinə başlanacağını açıqlayıb. Rezidentlər yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin texnologiya parklarının rezidentləri – texnologiya parklarının qeydiyyat şəhadətnaməsini alan və orada fəaliyyət göstərən sahibkarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda onlar üçün nəzərdə tutulan bir sıra güzəştlərdən yaralana biləcəklər. Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar.

Qeyd edək ki, İnnovasiyalar Agentliyinin tabeliyindəki Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar Parklarında rezidentlik statusunu almaqla bağlı bir sıra innovativ şirkətlərdən müraciətlər qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.