REGİONLAR
Daha 3959 arıçıya 926 min 640 manat subsidiya ödənilməsi barədə qərar qəbul olunub
Bakı, 14 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçən iclasda 25 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 3959 arıçıya saxladıqları 92 min 664 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə cəmi 926 min 640 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.
İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı, Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.
Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olub:
Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
Bu günə qədər Respublika Komissiyasının keçirilmiş iclaslarında ölkə üzrə 8613 arıçıya 206 min 479 arı ailəsinə görə 2 milyon 64 min 790 manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilib.
Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadır. Rayon (şəhər) komissiyalarından zəruri sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.