CƏMİYYƏT
Daha 7 rayonda səyyar protez-ortopedik bərpa xidmətinə başlanılıb
Bakı, 20 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 7 rayonda səyyar protez-ortopedik bərpa xidmətinə başlanılıb. Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası iyulun 19-da Ucar və Ağdaş rayonlarında olaraq müvafiq şəxsləri protez-ortopedik bərpa xidməti ilə təmin edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iyulun 20-də saat 9.00-dan 13.00-dək Bərdə Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) və saat 14.00-dan 18.00-dək Tərtər rayon ƏSMM-in inzibati binalarında, iyulun 21-də saat 9.00-dan 13.00-dək Ağdam Rayon ƏSMM-in inzibati binasında və saat 14.00-dan 18.00-dək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar protez-ortopedik bərpa xidmətinin göstərilməsi nəzərdə tutulub. Tibbi-texniki briqada iyulun 22-də saat 10.00-dan 14.00-dək Zərdab Rayon İcra Hakimiyyətinin qonaq evində fəaliyyətini davam etdirəcək.
Həmin rayonlar üzrə protez-ortopedik bərpa xidmətinə ehtiyac duyan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Bununla yanaşı, tibbi-texniki briqadaya birbaşa müraciət edən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar da müvafiq xidmətlərlə təmin olunurlar.