İQTİSADİYYAT
Daha bir dairədə avtobus və taksilərin xaotik vəziyyəti aradan qaldırılır
Bakı, 31 may, Elvin Camalov, AZƏRTAC
Paytaxtın Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının və taksilərin xaotik hərəkətinin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfində zəruri tədbirlər görülüb.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AZƏRTAC-a bildirib ki, dairədə mövcud avtobus dayanacaqlarının xətləri yenidən rənglənərək müvafiq nişanlar qoyulub. Burada, həmçinin yeni taksi duracağı yeri də müəyyənləşdirilib. Görülən infrastruktur tədbirləri ilə yanaşı, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları əraziyə nəzarəti də gücləndiriblər.
M.Ağayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi paytaxtın digər küçə və prospektlərində də nəqliyyatın maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirləri davam etdirir.