DÜNYA


Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib

Tokio, 10 avqust, AZƏRTAC

Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib. Bundan sonra müqavilənin tam qüvvəyə minməsi üçün onun daha altı ölkə tərəfindən ratifikasiyasına ehtiyac var.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Karib dənizində yerləşən Sent Kits və Nevis Federasiyası avqustun 9-da - Yaponiyanın Naqasaki şəhərinə atom bombası atılmasının 75-ci ildönümü günü sənədlərini müqavilənin ratifikasiya olunması üçün təqdim edib.

Karib regionunun Xarici İşlər naziri Mark Brantli bununla əlaqədar öz bəyanatında bildirib ki, Naqasakiyə atom bombasının atılması insan qəddarlığının ən yüksək nöqtəsidir. Nazir qeyd edib ki, onun ölkəsi bütün dünyada sülhün mövcudluğuna sadiq kiçik bir dövlət olaraq, nüvə silahının heç bir əhəmiyyətə malik olmadığını bəyan edir. O, bütün xalqları Yer kürəsində sülhün müdafiəsinə və insanlığın qorunmasına çağırıb.

Xatırladaq ki, bu ərəfədə - avqustun 6-da İrlandiya, Nigeriya və Nieu həmin müqaviləni ratifikasiya ediblər.

BMT-nin Baş katibi Antonio Quterreş Naqasaki qurbanlarının xatirə mərasiminə ünvanladığı müraciətində həmin müqaviləni beynəlxalq aləmdə nüvə silahının ləğvinə təkan verəcək yeni kampaniyanın başlanğıcı kimi yüksək qiymətləndirib.

Xatırladaq ki, bu müqavilə BMT tərəfindən 2017-ci ildə qəbul edilib. Sənəddə nüvə silahı ilə bağlı istənilən fəaliyyəti qadağan edən hərtərəfli tədbirlər əksini tapıb. Müqavilə nüvə silahının istənilən istifadəsini beynəlxalq humanitar qanunvericiliyin prinsip və qaydalarının pozulması kimi müəyyən edir. Müqavilənin qüvvəyə minməsi üçün o, 50 dövlət tərəfindən ratifikasiya olunmalıdır.

Lakin nüvə silahına malik olan və Yaponiya kimi ABŞ-ın nüvə çətiri altında olan ölkələr həmin müqaviləni imzalamaqdan imtina edirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.