İQTİSADİYYAT
Daha bir sərnişin daşıyıcı şirkətin istehsalat bazası yaradılıb
Bakı, 2 iyun, Elvin Camalov, AZƏRTAC
Daha bir sərnişin daşıyıcı şirkətin istehsalat bazası yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin istehsalat bazasının yaradılması ilə bağlı daşıyıcı şirkətlər qarşısında qoyduğu tələb yerinə yetirilir. İyunun 2-də daha bir daşıyıcı - “Çinar-Trans” MMC-nin yeni istehsalat bazası istifadəyə verilib. 2 hektar ərazisi olan bazada 10 marşrut xətti üzrə 175 müxtəlif markalı sərnişin avtobusuna xidmət göstəriləcək. İstehsalat bazası Bakı Nəqliyyat Agentliyinin daşıyıcılar qarşısında qoyulan bütün tələblərinə cavab verir. Bazada sürücülərin tibbi müayinəsi üçün nəzərdə tutulmuş tibb məntəqəsi, avtobusların texniki baxışı üçün nəzərdə tutulmuş zona, o cümlədən yuyucu və parkinq yaradılıb.
M.Ağayev qeyd edib ki, ictimai nəqliyyatın səmərəli fəaliyyətinin təşkili, nəqliyyat vasitələrinin texniki baxımdan saz vəziyyətdə saxlanılması ən əsası isə sərnişinlərin təhlükəsizliyi baxımından istehsalat bazasının olması vacib amildir. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən qurumlar qarşısında istehsalat bazasının yaradılması ilə bağlı da ciddi tələblər qoyub. İstehsalat bazasına malik olmaq o deməkdir ki, burada sürücülər tibbi, avtobuslar isə texniki müayinədən keçəcək. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən daşıyıcılar 1 il müddətində bu tələbin icrasını təmin etməlidirlər.